Prezident İlham Əliyevin Ukraynaya səfəri bir çox məqamlara görə olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilidir. Bu 30 il ərzində münasibətlərin inkişafı istiqamətində qarşılıqlı vacib addımlar atılıb. Tərəflər istər regional, istərsə də qlobal platformalarda bir-birini dəstəkləyib.
Bu fikirləri hafta.az-a millət vəkili Könül Nurullayeva deyib:
"İqtisadi və siyasi sahədə bütün imkanlar lazımınca dəyərləndirilib. Bu səfər, müzakirə olunan məsələlər, səslənən bəyanatlar iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. İmzalanan birgə bəyyənnamə isə əlaqələrin yeni mərhələsində bir növ yol xəritəsi olacaq. Ən əsası isə budur ki, birgə sənəddə bir-birinin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsi bir daha əks olunur. Tərəflər bundan sonra da suverenlik və ərazi bütövlüyü məsələlərində dəstəyi davam etdirərək, beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışmaqda maraqlıdır. O cümlədən Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri, terrorçuluğa qarşı birgə mübarizə daxil olmaqla istər regional, istərsə də qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacaqlarını bəyan etdilər.
Siyasi dialoqla yanaşı, tərəflər arasında çox geniş iqtisadi gündəlik də mövcuddur. Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin son 7 il ərzində ilk dəfə təxminən 1 milyard dollara çatması daha da stimul yaradır və bu son illər əməkdaşlığın bütün istiqamətlər üzrə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Üstəlik, pandemiyanın məlum iqtisadi fəsadlarına rəğmən iki ölkə arasında ticarət dövriyyəsi ötən il 20 faiz artıb. Kiyevdə aparılan müzakirələrdə isə tərəflər 2024-cü ilə qədər ticarət dövriyyəsini artırmaqda maraqlı olduqlarını bir daha bəyan etdilər. Bu mənada hər zaman aktual olan ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı əldə edilən razılaşlamalar da xüsusi əhəmiyyət kəsb edir. Xatırlatmaq yerinə düşər ki, yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi məsəsləsi üzərində xüsusi dayandı və ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı davamlı addımların atıldığını vurğuladı. Dövlətimizin başçısı həmçinin xarici icarəyə açıq və münbit torpaq sahələrinin icarəyə götürülməsi, orada məhsulların yetişdirilərək ölkəmizə gətirilməsi məsələsinin mümkünlüyünü də qeyd edib. Bu baxımdan Ukraynada əldə edilən razılaşmalar yeni imkanlar yaradır. Təbii ki, ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlar var. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, enerji sahəsində əməkdaşlıqla bağlı hər hansı fikir ayrılığı yoxdur.
Bakı-Kiyev münasibətlərinin bu günki formatı bir daha təsdiqləyir ki, Azərbaycanın həyata keçirdiyi siyasət heç kimin əleyhinə yönəlməyib, bu siyasət yalnız konstruktiv əsaslara söykənir. Heç kimin daxili işlərinə qarışmamaq, qonşular və tərəfdaşlarla normal münasibətlərin inkişaf etdirilməsi bu siyasətin əsas xarakteridir. Azərbaycan yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri, beynəlxalq aləmin məsuliyyətli üzvü, Qoşulmama Hərəkatının sədri kimi, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcəyini bildirib. Yalnız sülh və əməkdaşlıq tərəfdarı olan Azərbaycanın həm də etibarlı tərəfdaş olması ikitərəfli münasibətlərin müsbət dinamika üzrə inkişafını şərtləndirir".